Qarabağda – Qırxqız dağının ətəyində füsunkar təbiətə malik bir kənd var. Hansı ki, mənfur düşmənlər dəfələrlə həmin kəndə hücum etsələr də, işğal edə bilməmişdilər. Erməni
quldurları hər işğal planında xeyli itki verərək geri çəkilmişdi. Bu alınmaz qala uğrunda döyüşlərdə
düşmənin verdiyi itkiyə görə Ermənistanda və Xankəndində 3 gün matəm elan
olunub. Bu kənd Qəhrəmanlar yurdu, Qırxqızda qartal yuvası adlanan Xocalı rayonunun Kosalar
kəndidir.
1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları
tərəfindən işğal olundu. Bu xəbər kəndə çatanda əhalinin son ümid çırağı da
söndü. Beləliklə, düşmən əhatəsində qalan kəndin sakinləri Kosaları tərk etmək
məcburiyyətində qaldılar. Çünki, kənd müdafiəçilərinin ərzaq,
silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi
işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib
çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən,
Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə
hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas
yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara
bilmədiyi texnikaya düşmənə qalmasın deyə od vuraraq dağlarla
çıxmağa məcbur oldular. Son nəfəsinə qədər vuruşan Kosalar kəndi Dağlıq
Qarabağda ən axırıncı işğal edilən kənddir. I
Qarabağ müharibəsində Kosalar döyüşçülərindən Həsənov Tabil Qasım oğlu (ölümündən
sonra), Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra), Məmmədov Möhsüm Şahin oğlu
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Əsgərov Xəzani
Kərəm oğlu (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə, Rüstəmov Eldar
Əmir oğlu (ölümündən sonra), Ağayev Rasim Mirsalam oğlu (ölümündən sonra),
Abdullayev Mahir Tanrıverən oğlu (ölümündən sonra), Məmmədov Sərvər Yelmar oğlu
(ölümündən sonra), Quliyeva Zöhrə Lətif qızı (ölümündən
sonra) “İgidliyə görə” medalı ilə təltif
edilmişdir. 44 günlük Vətən müharibəsində də bu yurdun gəncləri
könüllü olaraq döyüşlərə qatıldılar, qəhrəman oğulların şərəfli döyüş yolunu
davam etdirərək Böyük Zəfər tariximizə öz imzalarını atdılar.
Bu gün xalqımız torpaqlarımızın işğaldan azad
olunmasını böyük qürur və fəxr hissi ilə qeyd edir. Əminik ki, Şanlı
Bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaqdır. Şuşada qalanan qələbə
tonqalı ona qənşər olan Kosalar kəndi üçün ümid çırağı, inam işığıdır. Çox yaxın zamanda Kosalar kəndində də qələbə tonqalı qalayacağıq.